XƏBƏRLƏR

"Məzun olduq"



Kaspi Uşaq Bağçasının Bakıxanov filialının balaca məzunları 1-ci sinfə vəsiqə qazandılar

“Elə bil dünən idi. Ağlayaraq əlindən tutub gətirdiyiniz, bizə əmanət etdiyiniz bu uşaqlar bu gün bağçadan məzun olub məktəbə getməyə hazırlaşırlar. Onlar həyat yolunda artıq ilk addımlarını atırlar. Bu uşaqlar sabahın ümididir, ölkəmizin gələcəyidir. Ümid edirik ki,  bağçada öyrəndikləri təməl biliklər onların yoluna işıq salacaq”. Kaspi Uşaq Bağçasının Bakıxanov filialının Məktəbəhazırlıq bölməsi olan Kaspi KİDS-in “Məzun olduq” adlı tədbiri bu sözlərlə başladı. Bağçanın Azərbaycan və rus bölməsi üzrə 5-6 yaşlı uşaqlarının sevinci və fərəhi bir-birinə qarışdı. Əl-əlvan geyimli uşaqların “Şuşa” kompozisiyası “Şuşa İli”nə layiqli töhfə oldu. Onlar mahnılarla, şeirlərlə, rəqslərlə, səhnəciklərlə Zəfər Gününü vəsf etdilər, şəhidlərimizi andılar, qazilərimizə ehtiramlarını ifadə etdilər, məktəb və müəllimlərinə, valideynlərinə məhəbbətlərini bildirdilər.

“Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını təmin edir”- deyə bağçanın direktoru Nuranə Abbasova məktəbəqədər təhsilin əhəmiyyətindən danışdı: “Məktəbəhazırlıq təhsili həmçinin uşaqların sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir”. Direktor bağçadan məzun olan uşaqlara uğurlar arzuladı: “Bu uşaqlar gözümüzün qarşısında böyüdü. Biz onların oxuyub-yazması, sosiallaşması üçün əlimizdən gələni etdik. Onlara müəllimlərini, valideynlərini, Vətəni sevməyi öyrətdik. Bundan sonra da onlara dəstək olmağa hazırıq”.

Uşaqlar bağçaya minnətdarlıqlarını mahnılarla ifadə etdilər. “Bağça, biz səni xatırlayacağıq”, “Biz bu gün bağçanı tərk edirik,  amma uşaq bağçası bizim üçün  doğma olaraq qalır”- deyə onların doğma bağçalarına həsr etdikləri mahnıları tədbirə xoş ovqat bəxş elədi.

Kaspi Təhsil Şirkəti olaraq balaca məzunlarımıza gələcək təhsillərində uğurlar arzulayırıq!

Kaspi.edu.az