XƏBƏRLƏR

"Artıq böyümüşük, məktəbə getməyə hazırıq..."



Kaspi Ağ Şəhər Bağçasının Məktəbəhazırlıq bölməsinin şagirdləri 1-ci sinfə yola düşdülər

Kaspi Ağ Şəhər Bağçasının Məktəbəhazırlıq bölməsi olan Kaspi KİDS “Məzun günü”nü qeyd etdi. Bağçanın rus və Azərbaycan bölməsi üzrə 5-6 yaşlı məzunları Azərbaycanın Dövlət Himnini ifa etdilər. İl boyu peşəkar müəllim və tərbiyəçilərin böyük zəhməti nəticəsində təlim və tərbiyə görən balacalar uğurla orta məktəbə vəsiqə aldılar. Onlar “Uşaqlıq illəri bir bax, necə gözəldir…” - deyə sevinclərini mahnılarla, şeir və rəqslərlə ifadə etdilər.

Bağçanın meneceri Könül Əliyeva “Məzun günü”nə toplaşan valideyn, müəllim və şagirdləri salamladı: “Məktəbəhazırlıq yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətinin, eləcə də kommunikativ, oyun və digər bacarıqlarının inkişafında böyük rol oynayır. 5-6 yaşlı məzunlarımız bu mərhələni uğurla keçdilər”. K.Əliyeva valideynlərə təşəkkür etdi: “Biz bu gün bu uşaqlardan ayrılırıq. Onlar bağçada oxumağı, yazmağı öyrəndilər. Bundan sonra bu uşaqlar birinci sinifdə oxuyacaq, məktəbdə ilk addımlarını atacaqlar. Biz də bu uğurun bir parçası olmağımızla fəxr edirik!”

Kaspi Təhsil Şirkətinin İnkişaf Proqramları və Bağçalar İdarəsinin rəhbəri Əli İsgəndərov uşaqların düzgün inkişafında və gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət, məktəbə hazırlığında bağçaların rolunun əvəzsiz olduğunu qeyd etdi: “Məktəbəqədər hazırlıq 5-6 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir. 


Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün zəruri başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir. Bağçalar da, öz növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı münasibətini təmin etməyə, xeyirxah hisslər oyatmağa qadir olan məktəbəqədər təhsil müəssisəsidir. Məktəbəhazırlıq təhsil ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir. Bu prosesdə valideynlər də bizə yaxından kömək etdilər. Biz bu uşaqların gələcəkdə təhsillərini uğurla davam etdirəcəklərinə inanırıq!”

Qeyd edək ki, Kaspi Ağ Şəhər Bağçasının məzunları Bakı şəhərində yerləşən qabaqcıl dövlət və özəl məktəblərin 1-ci sinfinə qəbul olublar.

Balaca məzunlarımıza gələcək təhsillərində uğurlar arzulayırıq!

Kaspi.edu.az