XƏBƏRLƏR

8 Martdır, Anacan!



Kaspi bağçasının balacalarından Qadınlar bayramınına töhfə 

Kaspi Liseyinin Ağ Şəhər Bağçası ölkəmizin qadınlarını, Analarımızı 8 Mart Qadınlar Gününə həsr etdiyi nəğməli, şeirli tədbirlə təbrik etdi. Bağçanın al-əlvan geyinmiş 3-6 yaşlı uşaqları – şirin-şəkər balalar öz analarının timsalında bütün qadınlara sevgilərini ifadə etdilər.

Bağçanın meneceri Könül Əliyeva tədbirə dəvət alan valideynləri Kaspi Uşaq Bağçasının rəhbərliyi adından təbrik edərək uzun fasilədən sonra onları üz-üzə gördüyü üçün sevincini bildirdi: “8 Mart Yer üzündə olan bütün qadınların, anaların bayramıdır. Mən bütün qadınlara xoşbəxtlik, aydın səma arzulayıram!”

Azərbaycan Respublikasının Dövlət Himni bağçanın “Kəpənəklər” qrupunun ifasında səsləndi. Sonra səhnə bağçanın digər şagirdlərinə verildi. Azərbaycan qrupunun “Cücələrim”, “Göy qurşağı”, rus bölməsindən “Solnuşka”, “Zvyozdiçki”, “Anqeloçki” qruplarının ifasında bir-birindən maraqlı səhnəciklər, mahnılar, rəqslər təqdim olundu. Uşaqlar analarına, nənələrinə olan sevgilərini şeirlərlə səsləndirdilər.