XƏBƏRLƏR

Ana nurlu həyatdır



Kaspi bağçası Qadınlar bayramını qeyd etdi

“Dünya gözəldir. Dünyanı gözəlləşdirən qadınlardır...” Kaspi Uşaq Bağçasında (Bakıxanov filialı) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə səslənən bu fikirlər Yer üzünün bütün gözəlliklərini təcəssüm etdirən Qadınlara- analara, nənələrə, qız-gəlinlərə, şəhid analarına ünvanlandı.

Bağçanın 3-4, 4-5, 5-6 yaşlı qruplar üzrə təlim-tərbiyə alan uşaqlarının hazırladıqları şeir, rəqs və mahnı çələngi, səhnəciklər Qadınlar bayramına ən gözəl ərməğan oldu. Bağçanın Azərbaycan və rus dili qruplarının ayrı-ayrılıqda təqdim etdikləri performanslar böyük maraqla qarşılandı. Uşaqlar milli geymdə bölgələrimizin adət-ənənəsini təqdim etdilər, ana və nənələrə həsr olunan şeirləri və mahnıları şövqlə oxudular, Azərbaycan və xarici ölkələrin musiqilərinin sədası altında rəqs etdilər. Uşaqların “Arılar”, “Centlemen”

“Şən dialoq və mama” rəqsləri, əyləncəli rəqs nömrələri, “Rənglərin söhbəti”, “Sehrli söz”, “Məktəb ləvazimatları” adlı səhnəcikləri, “Dünya gözəldir” kompozisiyası tədbirə toplaşan valideynləri, şəhid anaları və lisey rəhbərliyi tərəfindən alqışlarla qarşılandı.

Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədri Sona Vəliyeva çıxış edərək Qadınlar bayramı münasibətilə tədbirə toplaşan valideynləri - ana və nənələri, şəhid analarını, bağçanın müəllim heyətini təbrik etdi: “Ən çox təbrikə haqqı olan şəhid analarıdır. Onlar başımızın tacıdır. Azərbaycan qadını ən böyük sevgiyə və hörmətə layiqdir. Bütün qadınlarımızı bayram münasibətilə təbrik edir, ailə ocaqlarına ruzi və bərəkət arzulayıram!” 

Bağçanın direktoru Nuranə Abbasova bu tip tədbirlərin uşaqların sosiallaşmasında böyük rolu olduğunu qeyd etdi: “Uşaqlar böyük həvəslə bayram tədbirinə hazırlaşıblar. Onların geniş auditoriya qarşısında çıxış etməsi o qədər də asan deyil. Bəzən çaşıb özlərini itirirlər, amma onların dilindən Analarımıza, qadınlarımıza səslənən təbrikləri eşitməyin öz gözəlliyi var”.

Tədbirə ulu öndər Heydər Əliyevin  sözləri ilə yekun vuruldu: “Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, aqillik zirvəsidir, yaşadan, yaradan, ərsəyə gətirən, kamala yetişdirəndir, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır”.